QARABAĞ XANLIĞI İLƏ RUSİYA İMPERİYASI ARASINDA BAĞLANMIŞ “KÜRƏKÇAY” MÜQAVİLƏSİ ERMƏNİLƏRİN ƏRAZİ İDDİALARININ ƏSASSIZLIĞINI SÜBUT EDƏN MÜHÜM TARİXİ SƏNƏDDİR
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Atatürk Mərkəzində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında imzalanmış “Kürəkçay” müqaviləsinin 205-ci ildönümü ilə bağlı “dəyirmi masa” keçirilmişdir.
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd Bütöv Azərbaycanın parçalanmasının tarixi köklərini və səbəblərini gənc nəslə, eləcə də ictimaiyyətə çatdırmaqdır.
Bildirilmişdir ki, 1805-ci il mayın 14-də imzalanmış “Kürəkçay” müqaviləsi Qarabağın Rusiya tərəfindən işğalının əsasını qoymuşdur. Məhz o tarixdən başlayaraq işğal olunmuş Qarabağa sonrakı illərdə ermənilərin köçürülməsi bölgədə ciddi münaqişələrin yaranmasına səbəb olmuşdur. Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması ilə bağlı İbrahimxəlil xanla general Sisyanov arasında bağlanmış “Kürəkçay” müqaviləsi XVIII əsrin sonu və XIX əsrin əvvəllərində bölgədə erməni izinin olmadığını sübut edən əhəmiyyətli tarixi sənəddir. Belə ki, müqavilədəki 11 bəndin heç birində erməni adına rast gəlinmir.
Tarix elmləri doktoru Əli Məmmədov Rusiya imperiyasının Qafqazdakı işğalçılıq siyasəti və ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, Rusiyanın Qafqazda özünə dayaq yaratmaq məqsədilə buraya köçürdüyü ermənilər qısa vaxt ərzində öz çirkin niyyətlərini həyata keçirmək üçün misli görünməmiş cinayətlərə və vəhşiliklərə əl atmışlar. Belə ki, ermənilər ərazisində yaşadıqları dövlətə xəyanət edərək, işğalçı rus qoşunlarına hər vasitə ilə kömək edir, ərzaq və pulla yardım göstərir, onların xeyrinə təxribat və casusluqla məşğul olmuşlar.
Digər çıxışlarda da Qarabağla bağlı, ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının əsassızlığını sübuta yetirən tarixi faktların, sənədlərin aşkar edilməsi və ictimaiyyətə tanıdılmasında belə tədbirlərin rolu yüksək qiymətləndirilmişdir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionda ən qüdrətli dövlətə çevrilmiş, güclü ordu yarada bilmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan ordusu istənilən anda torpaqlarımızı azad etməyə qadirdir.