Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq... Nizami dayının yurd həsrəti
İmişli, 25 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Əslən Qərbi Azərbaycandan olan Nizami dayı və ailəsi 1988-ci ildə digər Bayburd sakinləri kimi doğma yurdlarından məcburi şəkildə çıxarılaraq deportasiya ediliblər. Hazırda İmişlinin Şahverdili kəndində yaşayan Nizami Allahverdiyev Bayburda köçəcəkləri günü səbirsizliklə gözləyir.
AZƏRTAC-ın bölgə müxbiri Nizami Allahverdiyevlə görüşüb, onun xatirələrini dinləyib.
Allahverdiyev Nizami Məhərrəm oğlu 1952-ci il fevralın 8-də Qərbi Azərbaycanda Vedi rayonunun Bayburd kəndində dünyaya göz açıb. Hələ uşaqlıq illərindən mənfur erməni xisləti ilə üz-üzə gəlib.
Doğma yurdu haqqında danışan Nizami dayı deyir ki, Vedi iki hissəyə ayrılırdı - Milli və Cığın dərələri. Vedi rayonunun, o cümlədən Bayburd kəndinin çox gözəl təbiəti, gur və saf suları, səfalı meşələri var idi. Həmin ərazidə ermənilərə məxsus heç nə olmayıb. Yer adları, kənd adları hamısı azərbaycanlılara məxsus olub. Həmin ərazilərdə xristianlara aid üç kilsə var idi, onlar da Alban kilsələri idi. Onlardan biri İmirzikdə idi, hansı ki, ermənilər onu tamamilə dağıtmışdılar. Digəri Bayburd kəndində yerləşirdi, həmin kilsə torpaq altında idi, 7 pilləkən aşağı düşəndən sonra otaqlar açılırdı. 1985-ci ildə ermənilər həmin kilsəni özününküləşdirmək üçün saxtalığa əl ataraq kilsədə dəyişiklik etmişdilər. Üçüncü kilsə isə Gilanlar və İmirzik kəndləri arasında dağın üstündə yerləşirdi. Həmin kilsəni də ermənilər özününküləşdirmişdilər.
Nizami dayı bildirir ki, Bayburd, Gilanlar, Körpü, İmirzik, Qaladibi, Golansor, Əlimərdan və digər kəndlər azərbaycanlıların yaşadıqları qədim yurd yerləridir. Ümumiyyətlə Vedi ətrafında bütün adlar Azərbaycan dilində idi.
Azərbaycanlıları yaşadıqları kəndlərdən çıxardıqdan sonra yurd yerlərimizi viran qoyduqlarını deyən həmsöhbətimiz o günləri belə xatırlayır: “Azərbaycanlıların çıxarıldıqları evlərin əksəriyyəti talan edilirdi. Hər kənddə 2-3 ev salamat qalmışdı. O evlərdə də sonradan ermənilər məskunlaşmışdılar. Qalan evlər isə dağıdılmışdı. Kotanlı deyilən sahədə azərbaycanlıların qəbirlərinin ermənilər tərəfindən ekskavatorla qazılaraq çıxarılmasını gözümlə görmüşəm... Ətraf kəndlər boşaldılmışdı, qalan tək yaşayış məntəqəsi isə Bayburd idi. Bizim də kəndin sakinlərinə çox təzyiq göstərilirdi. Hətta kəndin elektrikini, rabitə əlaqəsini belə kəsmişdilər. Bu hadisələr davamlı həyata keçirilirdi. Təzyiqlərə baxmayaraq, kəndi tərk etmirdik. Yaxşı xatırlayıram, sakinləri kənddə bir yerə yığaraq demişdilər ki, “vaxt gələcək bizə yalvaracaqsınız ki, kənddən çıxmağa şərait yaradın”. Yəni, bu hadisələr öncədən planlaşdırılmışdı”.
Nizami dayı və ailəsi çətinliklərə baxmayaraq, 1988-ci ilin dekabrına kimi yurd yerlərini tərk etmirlər. Həmin ay isə azərbaycanlıların növbəti deportasiyası başlayır. Erməni zülmündən ürəkağrısı ilə danışan Bayburd sakini deyir ki, qonşu kəndlərdə məskunlaşan ermənilər kütləvi şəkildə təzyiqləri artırmışdılar. Hətta azərbaycanlıları tez-tez daşlayır, nalayiq ifadələr səsləndirir, döyürdülər. Kəndin hər bir tərəfdən yolu bağlanmışdı. Rayon mərkəzinə belə gedib-gəlmək olmurdu. Başqa çarə qalmamışdı...
1988-ci ilin dekabrında Nizami dayı ailəsini və qohumlarını da götürərək kənddən çıxmağı qərara alır. Həmin vaxt çox möhkəm soyuq idi, güclü qar yağmışdı. Şaxtalı havada 22 kilometr yolu piyada qət edərək Şirazlı kəndinə gəlirlər. Buradan qatara minərək Mehriyə doğru yol alırlar. Qatar Mehridə ermənilər tərəfindən daş-qalağa tutulur, vaqonların pəncərələri sındırılır, uşaq və böyüklər arasında xəsarət alanlar olur. Lakin erməni vəhşiliyindən qaçıb canlarını qurtara bilirlər. Beləcə çətinliklə gəlib İmişliyə çatırlar və burada məskunlaşırlar.
İndi Vətən həsrəti ilə, hər an o yerlərə qayıtmaq ümidi ilə yaşayan Nizami dayı inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən öz ata-baba yurdu olan doğma Bayburda qayıdacaq, öz bağında əkin-biçinlə məşğul olacaq, nəvələrini böyüdəcək. Necə ki, Qarabağa, Şərqi Zəngəzura qayıtdıq...