CƏMİYYƏT
Qarabağda Yaşıl İntellekt Marafonu yekunlaşıb
Bakı, 5 noyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qayıdış Könüllüləri və Qarabağdan olan digər gənclərin iştirakı ilə təşkil edilən “Yaşıl İntellekt Marafonu - Kod adı: COP29” layihəsi uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Layihənin əsas məqsədi gənclərin intellektual biliklərini, dünyagörüşünü artırmaq, onlar arasında şəbəkələşməni gücləndirmək və Qarabağımızın dirçəldilməsinə dəstək vermələrini təmin etmək olub.
“Böyük Qayıdış” Gənclər Təşkilatından AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində “Xəmsə” formatında keçirilən yarışda, ümumilikdə, Qarabağ bölgəsindən olan 40 gəncin iştirakı ilə 8 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Maraqlı və gərgin mübarizənin sonunda “Qarabağ” komandası birinci yeri qazanıb. “Murov” və “Qarabulaq” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb.