Qaradağda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 5 may ( AZƏRTAC). Mayın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 91 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək bildirmişdir ki, dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçün isə müstəqillikdir. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyəri ölçüyəgəlməzdir. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün ola bilən hər seyi etmişdir. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, ümummilli lideri olduğu üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.
Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan tarixinin Heydər Əliyev dövrünü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəldiyini vurğulamışdır. Heydər Əliyev Azərbaycanın yeni tarixini yaratmışdır.
Bildirilmişdir ki, Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə də xalqımız Ulu Öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.
Digər çıxış edənlər Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olmuşdur. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünmüş, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil etmişdir. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəltmiş, onun ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilmişdir.