Qaradağda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü qeyd olunmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev və digər qonaqlar iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək demişdir ki, YAP böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir. O demişdir ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Hazırda Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev qeyri-adi şəxsiyyəti, böyük istedadı ilə fərqlənən ulu öndər Heydər Əliyevin hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini bildirmişdir. O demişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider adını və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
Milli Məclisin deputatı Mixail Zabelin və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək YAP-ın tarixi uğurları barədə danışmışlar.
Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəalı fəxri fərmanla təltif olunmuşdur.