QARDABANİDƏ ETİRAZ MİTİNQLƏRİ KEÇİRİLMİŞDİR
Gürcüstanın Qardabani rayon mərkəzində soydaşlarımız üç gün mitinq keçirmiş və hətta Tbilisi - Bakı dəmir yolunu da kəsməli olmuşlar. Qardabani sakinlərini buna vadar edən son vaxtlar rayon mərkəzində və kəndlərdə soydaşlarımıza qarşı bir sıra cinayətlər törədilməsidir. Məsələn, son üç ayda Qardabani şəhərində, rayonun Candar, Ağ Təhlə, Qaracalar, Ulukişili, Nəzərli, Axali Samqori və başqa kəndlərində 24 cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan da 21-də azərbaycanlı ailələr zərər çəkmişlər.
Mitinqlərin ara vermədiyini görən Qardabani Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirmiş və cinayətkarlardan üçünü - Lemişvenira kənd sakinləri Soso Qvelisiani, Malxaz Devderiani və Ramaz Kaşakianini tutmuşlar. Onlardan quldurluq yolu ilə qarət etdikləri əşyalar tapılmışdır. Bununla əlaqədar cinayət işi qaldırılmışdır. Gözləmək olardı ki, cinayətkarlar layiqli cəzalarını alacaqlar. Amma belə olmadı. Rayon məhkəməsi cinayətkarların azadlığa buraxılması haqqında qərar çıxarmışdır. Bu isə soydaşlarmızın daha böyük etirazına səbəb olmuş və onlar martın 17-də rayon mərkəzində yenidən mitinqə toplaşmışlar. Beş minədək adamın iştirak etdiyi mitinqdə qəti tələb irəli sürülmüşdür: rayon prokuroru, Polis İdarəsinin rəisi və məhkəmənin sədri vəzifələrindən uzaqlaşdırılmalıdır.
Kvemo Kartli - Borçalı bölgəsinin qubernartoru Levan Mamaladze Qardabaniyə gələrək, mitinq iştirakçıları ilə görüşmüş və söz vermişdir ki, son vaxtlar rayonda törədilən cinayətlər ciddi şəkildə araşdırılacaq və hüquq-mühafizə orqanlarının hər üç rəhbərinin işinə tezliklə baxılacaq və onlar cəzalarını alacaqlar.
Martın 17-də burada daha bir cinayət törədilmişdir. Nəzərli kənd sakini Ramiz Aslanov rayon mərkəzi əmanət bankından çıxarkən naməlum şəxslər tərəfindən oğurlanmışdır. Ondan hələlik bir xəbər yoxdur.
Mitinqlər dayandırılmışdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani