CƏMİYYƏT
Qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı Baş DYP İdarəsi məlumat yayıb
![Qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı Baş DYP İdarəsi məlumat yayıb](/files/2024/1/1200x630/17066842971341440046_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalıb. Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb.
Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Dövlət Yol Polis (DYP) əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı Baş DYP İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.