QARŞILIQLI SƏFƏRLƏR AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA TƏRƏFDAŞLIĞI DAHA DA GÜCLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Con Neqropontenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmış, son dövrdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanmış və bu səfərlərin Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığı daha da gücləndirdiyi bildirilmişdir. Regiondakı vəziyyəti də müzakirə edən tərəflər, bölgədə sülhün bərqərar olmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulamışlar.
E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirmiş, bunun üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasının vacibliyini qeyd etmişdir.
C.Neqroponte ölkəsinin sülh danışıqları prosesini dəstəklədiyini və problemin həllinin tezləşdirilməsi üçün danışıqların intensivləşdirilməsinin vacibliyini vurğulamışdır.
Qonaq Azərbaycanın enerji ehtiyatlarının hasilatçısı və tranzit ölkəsi kimi əhəmiyyətini də xüsusi qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.