QAX DÖVLƏT KUKLA TEATRININ 35 YAŞI TAMAM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Qax Dövlət Kukla Teatrında bu sənət ocağının yaranmasının 35 və teatrın rejissoru, əməkdar mədəniyyət işçisi İsako Zeynalaşvilinin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Rayonun sənət adamlarının, ziyalıların, balaca tamaşaçıların iştirak etdiyi tədbirdə teatrın direktoru Nazim Mahmudov ötən müddət ərzində yaradıcı kollektivin qazandığı uğurlar barədə danışmışdır. Bildirilmişdir ki, 1973- cü ildə rayon mədəniyyət evinin nəzdində dərnək kimi fəaliyyətə başlayan kollektivə 1976- cı ildə Xalq teatrı, 1992-ci ildə isə Dövlət teatrı statusu verilmişdir. Respublikada fəaliyyət göstərən 5 dövlət kukla teatrından biri olan Qax teatrı 2005-ci ildə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. 2005-ci ilin oktyabrında Türkiyənin İzmir şəhərində keçirilən 7-ci Beynəlxalq Kukla və Kölgə Teatrları Festıvalında Azərbaycanı uğurla təmsil etmiş, Qran-priyə layiq görülmüşdür.
Kollektiv 3 dəfə Gürcüstanda, dəfələrlə Bakıda və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur.
Hazırda teatrın repertuarına Abdulla Şaiqin “Tülkü həccə gedir”, Hilal Həsənovun “Üç keçi balası və yalquzaq canavar”, Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri”, Əzizə Əhmədovanın “Necə boz ayı aldı ev payı”, Rəhman Əlizadənin “Tülkünün uçuşu” əsərləri, “Tənbəl Əhməd” xalq nağılı əsasında Aybəniz Ağazadənin qələmə aldığı eyniadlı nağıl-tamaşa və s. daxildir.
Çıxış edənlər kollektivə və teatrın yaradıcılarından olan İ. Zeynalaşviliyə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Səmərəli fəaliyyətinə görə Qax Dövlət Kukla Teatrına, habelə rejissor İ. Zeynalaşviliyə Mədəniyyət və Turizm Nazirliyi, Qax Rayon İcra Hakimiyyəti adından fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir.
Kollektivin hazırladığı tamaşalardan səhnəciklər göstərilmiş, incəsənət ustalarının konserti olmuşdur.