Qaxda cüdo üzrə rayonlararası turnirdə 120 idmançı mübarizə aparıb
Qax, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə noyabrın 19-da Qax rayonunda cüdo idman növü üzrə rayonlararası turnir keçirilib. YAP Qax rayon təşkilatının təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi Qax rayon gənclər və idman sektorunun dəstəyi ilə keçirilən yarışda Balakən, Zaqatala, Qax və Şəki rayonlarını təmsil edən 120 idmançı mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Uşaq-Gənclər İdman Məktəbinin Cüdo idman zalında keçirilən turnirin rəsmi açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon gənclər və idman sektorunun müdiri Elvin Həsilov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıblar.
İdmançılar üç yaş qrupunda 7 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Yarışın baş hakimi Elşən Abdullayev olub.
Turnirin yekun nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılar kubok, medal və diplomlarla mükafatlandırılıblar.