Qaxda prezident seçkilərinə hazırlıq necə gedir?
Qax, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri 113 saylı Qax-Şəki seçki dairəsinin məntəqə seçki komissiyalarında Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun davam etdirilir.
Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dairə üzrə 54 min 256 seçici qeydə alınıb. Dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Bütün seçki məntəqələrində təmir işləri aparılıb, məntəqələr lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə, habelə MSK tərəfindən göndərilən təşviqat plakatları, seçkilərin keçirilməsi üçün təlimatlarla təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera da quraşdırılıb. Dairə üzrə indiyədək 130 yerli müşahidəçi qeydə alınıb. Seçkiqabağı təşviqatın aparılması, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində müvafiq yerlər ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri seçkiyə hazırlıqla bağlı görülən işlərlə yerində tanış olmaq məqsədilə 113 saylı Qax-Şəki seçki dairəsinin 2 saylı seçki məntəqəsində olub. Məntəqə Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin binasında yerləşir. Seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün burada hər cür şərait yaradılıb. Seçki məntəqəsi zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub. Binanın qarşısında, həmçinin məntəqənin əhatə etdiyi ərazidə təşviqat materialları, çağırışçı plakatlar asılıb. Seçki günü səsvermənin gedişi veb-kamera vasitəsilə izləniləcək.
Məntəqə seçki komissiyasının sədri Abdulla Orucovun bildirdiyinə görə, dəqiqləşdirilmiş son seçici siyahılarına əsasən, məntəqə üzrə 1114 seçici qeydə alınıb. Onlardan 9 nəfəri fevralın 7-də ilk dəfə səs verəcək. Seçicilərin 87 nəfərinin yaşı 70-dən yuxarıdır.
Dairənin tərkibinə daxil olan digər seçki məntəqələrində də seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır.