QAN YADDAŞI
QAXLILAR 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜNÜ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD ETMİŞLƏR
Qax, 19 yanvar (AZƏRTAC). Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirminci ildönümü Qax rayonunda xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd olunmuşdur.
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anma mərasimləri, konfranslar, şəhid ailə üzvləri ilə görüşlər, inşa yazı və şeir müsabiqələri, idman turnirləri keçirilmiş, foto və kitab sərgiləri təşkil edilmiş, xatirə guşələri yaradılmışdır.
Yanvarın 19-da Qax şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Toplantı iştirakçıları əvvəlcə balaca rəssamların Qanlı Yanvar mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş igid həmvətənlərimizin məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmiş, onların ölməz ruhu qarşısında baş əymişlər.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana” abidəsinin önündə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Telman Quliyev 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə danışmış, bu hadisələrin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlığı tarixində şanlı bir səhifə olduğunu xüsusi vurğulamışdır. Natiq bildirmişdir ki, 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur. T.Quliyev hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini qeyd etmiş, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə ölkə rəhbərliyi tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulamışdır.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva, təhsil şöbəsinin müdiri Məmməd Xasıyev və digər natiqlər çıxış edərək Vətənimizin azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin ən parlaq səhifəsini yazdıqlarını bildirmişlər.