Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
Qazax, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları tərəfindən dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə yaradılmış Qazax Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ziyarət edənlər fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olub. Mühazirələr dinlənilib, Ulu Öndərə həsr edilmiş filmlər təqdim edilib.
Eyni zamanda rayonda Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə tədbirlər, kitab bayramı, idman yarışları, müsabiqələr keçirilib.
Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, sərhədçilər, polis əməkdaşları, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Müxbir -Ruslan Novruzoğlu