DÜNYA
Qazaxıstan Prezidenti: Regional və orta güclərin rəyləri nəzərə alınmalıdır
Astana, 17 oktyabr, AZƏRTAC
Biz regional siyasətə, Mərkəzi Asiyada bütün ən yaxın qonşularımızla sıx əməkdaşlığa tamamilə sadiqik. Əməkdaşlığımız nə qədər inkişaf edərsə, bu, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin maraqları üçün bir o qədər faydalıdır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beyin Mərkəzləri Forumunun plenar iclasında sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, indiki vəziyyət 10 il əvvəl olduğundan çox fərqlidir.
Qazaxıstanın dövlət başçısı qeyd edib: “Hazırda fəal əməkdaşlığı inkişaf etdiririk, çoxşaxəli məsələlər üzrə çoxtərəfli əlaqələr qurulub. Mərkəzi Asiyanın dövlət başçıları mütəmadi olaraq “saatları sinxronlaşdırdıqları” görüşlər keçirirlər. Bu görüşlər çox məhsuldardır. Bizim siyasi prinsiplərimiz strateji tarazlığın möhkəmlənməsinə yönəlib. Hesab edirəm ki, Mərkəzi Asiya dünya xəritəsində getdikcə daha qabarıq görünür. Biz bu çox vacib regionun potensialını gücləndirmək üçün əlimizdən gələni edəcəyik”.
BMT-yə gəlincə, Kasım-Jomart Tokayev bildirib ki, əvəzolunmaz olan bu təşkilatı möhkəmləndirmək lazımdır. O əlavə edib: “Təşkilatın fəaliyyətində çoxlu nöqsan olsa da, başqa alternativimiz yoxdur. Buna görə də Qazaxıstan BMT-nin rolunun gücləndirilməsi istiqamətində belə mövqeyi bölüşən bütün ölkələrlə əməkdaşlığı davam etdirmək niyyətindədir. Regional və orta güclərin səsi ilk növbədə Təhlükəsizlik Şurasında eşidilməlidir. Təhlükəsizlik Şurasında da islahatlar aparılmalıdır, çünki təəssüf ki, çıxılmaz vəziyyət yaranıb və biz çıxış yolu tapmalıyıq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana