Qazaxıstanlı mədəniyyət və idman nümayəndələri Naxçıvanda konsert proqramı ilə çıxış edəcəklər
Bakı, 12 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Azərbaycan Respublikasında “Heydər Əliyev İli” çərçivəsində Qazaxıstan respublikasının mədəniyyət və idman nümayəndələri Bakıya səfər edib.
AZƏRTAC xəbər verir ki, “Okuklu” Holdinqin rəhbəri Yılmaz Okuklunun dəvəti ilə ölkəmizə səfər edən “Alaşulu” qrupu, tanınmış simli alətlər ifaçısı Aydost Angarbay, idman ustası Temir Spatayev, Kusman Shalabayev Bakıda Ulu Öndər Heydər Əliyevin məzarını, Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
Nümayəndə heyəti Azərbaycana məhz belə əlamətdar gündə səfər etmələrini dünya səviyyəli siyasi Lider Heydər Əliyevin mədəniyyətə, idmana xüsusi diqqət və qayğısı ilə səciyyələndiriblər.
Səfər çərçivəsində Ulu Öndərin doğulduğu və türk dünyasının qapısı sayılan Naxçıvan Muxtar Respublikasında konsert proqramı planlaşdırılır. Daha sonra qazaxıstanlı qonaqlar Türkiyənin İqdır şəhərinə səfər edəcəklər. Səfər proqramına uyğun olaraq, Türkiyədə də bir neçə mədəni tədbirin təşkili nəzərdə tutulur.
“Okuklu” Holdinqin rəhbəri Yılmaz Okuklu bildirib ki, belə tədbirlər xalqlarımız arasındakı mədəni əlaqələrin genişləndirilməsində xüsusi rol oynayır. Heydər Əliyevin bütün türk dünyasının siyasi-iqtisadi əlaqələri qədər soykökü bağlarının formalaşdırılmasında müstəsna xidmətləri qeyd olunub.
Yılmaz Okuklu bildirib ki, Okuklu Holdinq olaraq, Hanlı Pazar markası altında ortaq tariximizin təşviqinə yönələn belə tədbirlərin Orta Asiya, Qafqaz və Anadolu coğrafiyaları arasında mədəni əlaqələrin daha da genişləndirilməsində maraqlıdırlar.