Qazaxıstanlı tələbələr Azərbaycan Tibb Universitetində təcrübə keçiblər
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) və Qazaxıstanın Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində beş qazaxıstanlı tələbə ATU-nun ictimai səhiyyə fakültəsinin qidalanma və tibbi ekologiya, uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, ictimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında “Mütəxəssis-gigiyenist” ixtisası üzrə 19 günlük təcrübə keçiblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin tələbələr mühazirə və praktik məşğələ dərslərində iştirak etməklə yanaşı, tədris prosesi zamanı kafedraların strukturu, tədris olunan fənlər, ölkəmizdə dövlət tərəfindən epidemioloji nəzarətin aparılması, əhalinin sanitar-epidemioloji sağlamlığı sahəsində normativ-hüquqi aktlara riayət olunmasına nəzarətin həyata keçirilməsi qaydaları ilə tanış olublar.