QAZILAR ŞURASININ VƏ ELMİ-DİNİ ŞURANIN BİRGƏ İCLASI
Mayın 29-da Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurasının birgə iclası keçirilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə iclası açaraq, iştirakçıları Məhəmməd Peyğəmbərin (s) mövludu ilə bağlı “Vəhdət” həftəsi bayramı münasibətilə təbrik etdi. Azərbaycanda müstəqilliyimizin əbədi olmasını arzu edən şeyxülislam ölkəmizdə dini -mənəvi dəyərlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı Hedər Əliyevə Qafqaz müsəlmanları adından minnətdarlığını bildirdi.
Peyğəmbərin (s) mövluduna həsr olunmuş qəsidə oxundu.
Sonra Hacı Allahşükür Paşazadənin “Peyğəmbər səlləllahi əleyhi və alihi və səlləm gözəl əxlaq nümunəsi kimi”, Elmi-Dini Şuranın sədri professor Vasim Məmmədəliyevin “Peyğəmbər səlləllahi əleyhi və alihi və səlləm aləmlərə rəhmət olaraq göndərilmişdir” mövzusunda məruzələri dinlənildi.
Məruzələrdə İslam dininin yaradılmasında, yayılmasında Məhəmməd Peyğəmbərin (s) xidmətlərindən, onun islam aləminə şəxsi nümunəsindən söz acıldi. Hazırda 1 milyard 300 milyon adamın iman gətirdiyi İslam dininin dünyada nüfuzunun daha da artdığı vurğulandı, terrorizmin, xürafatın bu dinə yad olduğu xatırlandı.
İclasda Milli Məclisin deputatları Əsmətxanım Məmmədova, Yaqub Mahmudov, Şahlar Əsgərov, Həsən Mirzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Fuad Qasımzadə, Bəkir Nəbiyev və başqalalrı çıxış etdilər.
Hacı Allahşükür Paşazadə QMİ Elmi-Dini Şuranın üzvü Abdulla İbrahimovu 80 illik yubileyi, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrı 50 illik yubileyi və Rus Provaslav Kilsəsi Sinodunun üzvü seçilməsi münasibətilə təbrik etdi.
Müzakirə edilən məsələlərə dair yekun sənədi qəbul olundu.