Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında son tamamlama işləri görülür
Qəbələ, 10 sentyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olmuşdur.
Əvvəlcə dövlətimizin başçısı Mədəniyyət Evinin planını və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxdı.
Prezidentə məlumat verildi ki, bu binanı digərlərindən fərqləndirən cəhət daxili divarlarının ekoloji cəhətdən təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla örtülməsidir. Tikinti zamanı binanın memarlıq baxımından gözəlliyinə xüsusi diqqət yetirilmişdir. Mədəniyyət Evinin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılmışdır.
Dövlətimizin başçısı Mədəniyyət Evinin kinoteatr zalına baxdı. Bildirildi ki, 400 yerlik zalda teatr avadanlığı üzrə məşhur italyan şirkətinin istehsalı olan oturacaqlar quraşdırılmışdır. Binanın işıqlandırma və səsləndirmə sistemi də dünyanın tanınmış şirkətlərinin məhsuludur. Qəbələdə bir çox incəsənət kollektivlərinin fəaliyyət göstərdiyi nəzərə alınaraq, yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılır. Kompleksdə əlavə 50 yerlik konfrans zalı da tikilir.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.