Qəbələdə şəhid Mikayıl Əhmədovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub
Qəbələ, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun Savalan kəndində Vətən mühribəsində şəhidlik zirvəsinə ucalmış Mikayıl Əhmədovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Mikayıl Əhmədovun şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.