Qədim sənət növü - dulusçuluq
Bakı, 24 aprel, Aysel Azad, AZƏRTAC
Dulusçuluq sənəti qədim zamanlarda yaranıb. Çoxsaylı arxeoloji tapıntılar ilk əl istehsalı olan gil məmulatlarının Neolit dövrünə aid olduğunu təsdiqləyir. Ən parlaq rəngləri ilə günümüzə qədər gəlib çatmış davamlı gil heykəlciklər və məişət əşyaları zaman keçdikcə sənətə çevrilib. Bu, qədim dulusçuluq sənətinin inkişaf tarixindən xəbər verir.
AZƏRTAC-ın əməkdaşı bu peşənin öyrədildiyi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Digər peşələrdən fərqli olaraq burada dulusçuluq İnteryer və eksteryerin bədii tərtibatçısı fakültəsində kurs şəklində tədris olunur. Qrup rəhbəri Leyla Quliyeva deyir ki, kurs yeni açılsa da, maraq göstərənlər çoxdur.
Növbəti tədris ilində keramika dulusçuluq dərslərinin tədrisi nəzərdə tutulur. 9 illik və 11 illik təhsil bazasından 16-18 yaşlı gənclərin qoşulduğu dərslərdə ümumilikdə 20 tələbə var. Leyla Quliyevanın sözlərinə görə, dərslərə bacarıqlı oğlanlar müraciət etsələr də, qızlar say baxımından onları üstələyir.
Diqqət çəkən məqam odur ki, dərslərdə inklüziv təhsil alan tələbələr də iştirak edir. Burada tələbələr onlara təqdim olunan nümunələr əsasında, yaxud da öz istəklərinə uyğun dulusçuluq nümunələri yaradırlar.
Dulusçuluq peşəsi diqqətini çəkdiyi üçün 18 yaşlı Cavid Novruzlu dərslərə qoşulmağı qərara alıb. Deyir ki, qısa zamanda bacarığını kəşf edib və bu sahədə özünü inkişaf etdirmək istəyir.
Zümrüd Mirzəyeva da bu sahəyə maraqlı olduğunu deyir. İlk əl işi güldan olan müsahibimiz buna bir gün vaxt sərf etdiyini deyir.
Qədim sənətin bu növünün tamamilə yox ola biləcəyini təsəvvür etmək mümkün deyil. İndi dulusçuluq özünü başqa tərəfdən göstərir. Əvvəllər bu sənət gəlir mənbəyi idisə, indi əksər hallarda istirahət, yaradıcı özünüifadə yoludur.
