Qəhrəman şəhər Murmanskda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir
Murmansk, 10 may (AZƏRTAC). Murmanskda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü geniş qeyd edilmişdir. Şəhər ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri İncəsənət Muzeyinə toplaşmışlar.
Tədbiri regionun İctimai Palatasının üzvü Afil Hüseynov açmışdır. Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayət bölməsi idarə heyətinin üzvü Amil Vəliyev, Rusiyanın və Azərbaycanın jurnalist birliklərinin üzvü Əli Məmmədhüseynoğlu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üzvləri Elvira Hüseynova, Səbinə Əliyeva, Rəşad Əliyev, Emiliya Həsənova və başqaları çıxış edərək bildirmişlər ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev öz xalqının tarixində əfsanəvi şəxsiyyətdir. Ulu öndərin xatirəsi təkcə onun həmvətənləri üçün əziz deyildir. Bu görkəmli dövlət xadimini, fenomenal şəxsiyyəti dünyanın müxtəlif ölkələrində hörmətlə anır, onun liderlik keyfiyyətlərini, böyük siyasi təcrübəsini yada salırlar. Vəziyyət elə gətirmişdir ki, Heydər Əliyev iki dəfə Azərbaycanın dövlət gəmisinin sükanı arxasına keçmişdir. Hər iki dəfə də Azərbaycan xalqının taleyinin müəyyən olunduğu tarixi məqamlarda. Lakin o, qeyri-adi enerjisi, titanik zəhməti, uzaqgörənliyi və müdrikliyi, dövlət idarəçiliyində böyük təcrübəsi və siyasi istedadı sayəsində alovlu məhəbbətlə sevdiyi Azərbaycanı bütün mürəkkəb vəziyyətlərdən çıxarmış, ölkənin dirçəlməsinə kömək etmiş və onu irəliyə, tərəqqiyə doğru aparmışdır. Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə də sanballı uğurlara nail olmuşdur. Ölkə daxilindəki ictimai-siyasi sabitliklə möhkəmlənmiş tarazlı xarici siyasət respublikanın nüfuzunu müqayisəedilməz dərəcədə yüksəltmiş, dünyanın və Avropanın nüfuzlu strukturlarının tamhüquqlu üzvünə çevrilməsinə yol açmışdır. Bu gün Azərbaycanın səsi mötəbər beynəlxalq forum və təşkilatlardan gəlir. Bu da respublikadakı vəziyyət barədə həqiqətlərin dünyaya yayılmasına kömək edir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətindən xəbərdar olmuş və bunun nəticəsi olaraq, dövlətlərin və beynəlxalq qurumların əksəriyyəti təcavüzkara qarşı münasibətlərini dəyişmişdir.
Qeyd edilmişdir ki, hazırda ulu öndərin siyasi xəttini Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Onun rəhbərliyi altında Azərbaycan sürətlə beynəlxalq birliyə inteqrasiya edir, iqtisadiyyat, siyasət, mədəniyyət sahələrində və həyat fəaliyyətini təmin edən digər sahələrdə yeni-yeni zirvələr fəth edir.
Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgiyə, habelə onun barəsində sənədli filmə baxmışlar.
Tədbir konsert proqramı ilə başa çatmışdır.