Qəhrəmanlar unudulmur
Oktyabrın 28-də Bakının Nərimanov rayonu ərazisindəki “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksi önündə Ukraynanın alman-faşist işğalından azad olunmasının 70 illiyinə həsr olunmuş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna səfirliyi tərəfindən təşkil edilən tədbirdə müharibə veteranları, diaspor üzvləri, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov İkinci Dünya müharibəsində yüz minlərlə azərbaycanlının iştirak etdiyini, onlardan 300 mininin həlak olduğunu, minlərlə həmvətənimizin cəbhədə göstərdiyi igidliyə görə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb. Müharibə illərində Azərbaycanın ön cəbhəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, neft və neft məhsullarının 70 faizinin Bakıda istehsal olunduğunu vurğulayıb.
Ş.İbadov 1941-1945-ci illər müharibəsinin veteranları ilə vaxtaşırı görüşlərin keçirildiyini, onlara daim qayğı göstərildiyini bildirib.
Mərasimə toplaşanlara minnətdarlığını bildirən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycan ilə Ukrayna arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib.
Səfir 70 il əvvəl Ukraynanı düşmən tapdağından azad edən azərbaycanlı veteranlara dərin təşəkkürünü bildirərək qeyd edib ki, Ukrayna xalqı Azərbaycan döyüşçülərinin şücaətini heç vaxt unutmayacaq.
Tədbirdə çıxış edən müharibə veteranları o qanlı-qadalı illəri yada salıb, döyüş xatirələrini bölüşüblər.
Mərasim iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklillər, gül dəstələri düzüblər.