“Qələbəyə doğru” bilik müsabiqəsinin Sumqayıt mərhələsinin qalibləri müəyyənləşib
Sumqayıt, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Təhsil Şöbəsi, Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qələbəyə doğru” bilik-test müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə çıxış edən Təhsil Şöbəsinin metodiki kabinetinin müdiri Gülbahar Haqverdiyeva və Baş İdarənin gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov iştirakçıları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışıblar.
Qeyd olunub ki, müsabiqənin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, elmin nüfuzunu artırmaq və şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Müsabiqədə şəhərin 47 orta ümumtəhsil məktəbinin VII-XI sinif şagirdləri olmaqla, ümumilikdə, 81 şagird bilik və bacarıqlarını sınayıb. Gərgin mübarizə şəraitdə keçən bilik yarışının sonunda I yerə Cahangir Hüseynov, II yerə Rəşad Suleymanov və Rüstəm Həbibov, III yerə isə Fərid Balamiyev və Rüfət Əmirov layiq görülüblər. Qaliblərə Baş İdarənin fəxri fərmanı, hədiyyə və medalları təqdim edilib.
Qeyd edək ki, qaliblər Bakı şəhərində təşkil olunacaq oyunun final mərhələsində Sumqayıt şəhərini təmsil etmək hüququ qazanıb.