QƏMƏR HACAĞA QIZI ALMASZADƏ
Qəmər Almaszadə 1915-ci il martın 10-da Bakı şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1929-cu ildən başlamış və 1932-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti kimi çalışmışdır. O, 1932-33-cü illərdə Moskvada Bolşoy Teatr nəzdindəki xoreoqrafiya məktəbində oxumuş, sonralar isə xoreoqrafiya təhsilini Leninqradda davam etdirmişdir. Təhsilini tamamlayaraq Bakıya qayıdan Qəmər xanım ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlamışdır. O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləmişdir.
İlk peşəkar Azərbaycan balerinası olan Qəmər xanım Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynamışdır. O, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoymuş, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan vermişdir. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsil sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirmişdir.
Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olmuşdur. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilmişdir. Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olmuşdur.
Qəmər Almaszadə uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf etmiş, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxmış, bu sənətin inkişafına töhfələr vermişlər. Qəmər xanım ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməmişdir.
Qəmər Almaszadə respublikamızın ictimai həyatında yaxından iştirak etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Görkəmli balet ustasının keçdiyi parlaq və şərəfli sənət yolu daim yüksək qiymətləndirilmişdir. O, SSRİ Dövlət mükafatı laureatı olmuş, bir sıra orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Böyük sənətkar, qayğıkeş müəllim və gözəl insan Qəmər Almaszadənin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Əbülfəs Qarayev, Fatma Abdullazadə,
Nizami Xudiyev, Vasif Adıgözəlov,
Arif Məlikov, Azər Rzayev,
Tofiq Bakıxanov, Fərhad Bədəlbəyli,
Əminə Dilbazi, Rəfiqə Axundova,
Maqsud Məmmədov, Tamilla Şirəliyeva,
Çimnaz Babayeva, Afaq Məlikova,
Akif Məlikov, Mədinə Əliyeva
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2006-cı il aprelin 8-də saat 13.00-dan 15.00-a kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında (Nizami küçəsi, 95) qoyulacaqdır.