Qətərin aparıcı qəzeti Azərbaycan və Türkiyə liderlərinin telefon danışığından yazıb
Qahirə, 8 aprel, AZƏRTAC
Qətərin aparıcı “Əl Şarq” qəzetində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı barədə xəbər dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı görüşün nəticələrini müsbət qiymətləndirib.
Xəbərdə bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycanla Ermənistan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə etdiyi telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə