Qeyri neft-qaz sektorunda 4,7 faiz artım qeydə alınıb
Bakı, 17 aprel, AZƏRTAC
Yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,2 faiz azalaraq, 18,6 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,7 faiz artıb. Sənaye məhsulunun 72 faizi mədənçıxarma, 22,6 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 86,6 faiz olub.
Ümumi istehsalın 92,7 faizi sənaye məhsullarının istehsalı, 7,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 2023-cü ilin yanvar-mart aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 17,2 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 0,8 faiz artıb, enerji məhsullarının istehsalı isə 3,5 faiz, istehsal vasitələrinin istehsalı 7,5 faiz, aralıq istehlak məhsullarının istehsalı isə 8,6 faiz azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında aprelin 1-nə 990,9 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 49,3 faizi Bakı, 13,3 faizi Sumqayıt, 4,8 faizi Şirvan, 3,5 faizi Gəncə şəhərlərinin, 0,2 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 66,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.