Qida Təhlükəsizliyi Agentliyinin sədri İctimai Şuranın üzvləri ilə görüşüb
Bakı, 12 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
AZƏRTAC-ın verdiyi məlumata görə, görüşdə agentliyin sədri bu il aprelin 12-də keçirilən növbəti seçkilər zamanı Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuraya üzv seçilən 9 nəfərə fəaliyyətlərində uğurlar arzulayaraq ümidvar olduğunu bildirib ki, İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Eləcə də qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcək.
Sədr görüş zamanı 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunu və həmin qanundan irəli gələn tələblər barədə məlumatları diqqətə çatdıraraq qeyd edib ki, bu qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirib, vətəndaşların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında mühüm rol oynayır. Qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi öz töhfəsini verir. Həmçinin bu qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin və obyektlərin qeydiyyatı ilə təsdiqi prosesinə yeni baxış formalaşdırıb.
Tədbirdə çıxış edən İctimai Şuranın üzvləri ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində bütün səylərini səfərbər edəcəklərini vurğulayıblar.
Görüşdə həmçinin qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.
Daha sonra agentlik yanında İctimai Şuranın iclası keçirilib. İclasda səsvermə yolu ilə Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov sədrin müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aytac Zülfüqarlı isə katib seçilib.