Qırğız Respublikasının Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu qəbul edib.
Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfiri salamlayan Prezident Sadır Japarov onun salamlarını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə çatdırmağa xahiş edib.
Eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanın Qırğızıstan tərəfindən qardaş ölkə kimi qəbul edildiyini diqqətə çatdıran Sadır Japarov Qarabağ uğrunda gedən Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Qırğızıstan Prezidenti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsinə zəmin yaradacağına ümidvar olduğunu söyləyib. Ölkələrimiz arasında intensiv təmasların ən yüksək səviyyədə olmasının vacibliyini qeyd edən S.Japarov Prezident İlham Əliyevi Qırğız Respublikasına səfərə dəvət edib. Qeyd olunub ki, Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcuddur.
Prezident S.Japarov Hidayət Orucova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə Prezident Sadır Japarova təşəkkür edən səfir Hidayət Orucov dövlətimizin başçısının salamlarını və xoş arzularını ona çatdırıb. Bildirib ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi, genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir. Diplomat Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəhbərliyi ilə Azərbaycan-Qırğızıstan dostluq və tərəfdaşlıq münasibətlərinin qardaş xalqlarımızın rifahı naminə dinamik şəkildə möhkəmlənəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr, ortaq mədəniyyətlər, ənənələr, adətlər, dil və din birləşdirir, bu da öz növbəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Vurğulanıb ki, Azərbaycan ilə Qırğızıstan qardaş ölkələrdir və müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə (həm siyasətdə, həm humanitar sahədə, həm də diplomatiyada) əməkdaşlığımız dərinləşir. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Həm Qırğızıstan, həm də Azərbaycan yüksəksəviyyəli humanitar tədbirlər keçirir. Bundan əlavə, iqtisadi əlaqələrin genişləndirilməsinə, investisiya qoyuluşunun və ticarət dövriyyəsinin artırılmasına imkan verən istifadə olunmamış böyük potensial mövcuddur.
Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişafı və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və idxal-ixracın şaxələndirilməsi məsələləri də müzakirə edilib.