Qırğızıstanda “20 Yanvarı unutmadıq” mövzusunda tədbir keçiriləcək
Bişkek, 15 yanvar, АZƏRTAC
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) yanvar ayının 19-da Qanlı Yanvar hadisələri ilə əlaqədar Bişkek şəhərindəki Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində “20 Yanvarı unutmadıq” adlı tədbir keçirəcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, kitabxananın oxucuları, diasporumuzun üzvləri iştirak edəcəklər.
Əvvəlcə tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı sənədli film göstəriləcək, faciəni törədənlər haqqında danışılacaq.
Tədbir iştirakçılarının adından beynəlxalq təşkilatlara Qanlı Yanvar hadisələrini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında müraciət qəbul olunacaq.
İştirakçılara Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun alimlər qrupunun hazırladığı “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabı hədiyyə ediləcək.
Rus və ingilis dillərində olan bu kitab TDSDF tərəfindən nəşr olunub.
Xatırladaq ki, həmin kitaba görə Ermənistan Xarici İşlər Nazirliyi Qırğızıstan Xarici İşlər Nazirliyinə nota göndərmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek