MƏDƏNİYYƏT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏLUMATI
Bu yaxınlarda Hollandiya hökuməti Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası xətti ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı üzrə layihənin işlənməsi üçün qrant ayırmışdır. Aprelin 13-də Hollandiya mütəxəssislərindən ibarət nümayəndə heyəti qiymətli kağızlar bazarının vəziyyətini və problemlərini öyrənmək üçün Bakıya gəlmişdir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev qonaqları qəbul etmişdir. Nümayəndə heyətin başçısı Hans Brouver Bakıda 5 gün ərzində gördükləri işlər haqqında danışmış, QKDK-nin mütəxəssisləri və qiymətli kağızlar bazarının professional iştirakçıları ilə işgüzar görüşlərindən məmnunluğunu bildirmişdir. Uzun illər Amsterdam Fond Birjasının prezidenti olmuş Hans Brouver cəmi iki il ərzində Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının yaranması və formalaşması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir. Qonaq bu bazarın işləməsi üçün mükəmməl infrastrukturun yaranmasını, bitkin və beynəlxalq standartlara uyğun hüquqi-normativ bazanın tam hazırlanmasını, bankların qiymətli kağızlar bazarında fəallaşmasını önəmli amil kimi vurğulamışdır. Qeyd edilmişdir ki, qonşu respublikalardan fərqli olaraq, Azərbaycanda bu bazarın infrastrukturu heç bir xarici yardım olmadan, daxili imkanlar hesabına formalaşmışdır.
Heydər Babayev ölkənin qiymətli kağızlar bazarı, mövcud maliyyə alətləri haqqında geniş məlumat vermiş, respublikada aparılan iqtisadi islahatların, strateji özəlləşdirmə prosesinin qiymətli kağızlar bazarının inkişafı ilə bağlılığını faktlarla açıqlamışdır. Bildirilmişdir ki, özəlləşdirmənin dövlət müəssisələrinin səhmdar cəmiyətlərə çevrilməsi yolu ilə aparılması kooperativ bazarın genişlənməsi ilə müşayiət olunmaqdadır.
Qonaqlar Hollandiyaya qayıdandan sonra Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı layihəsini hazırlayacaqlarını bildirmişdilər.