Qızlar arasında “Challenge” yarışlarında iki yaş kateqoriyası üzrə qaliblər bəlli olub
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının “Challenge” yarışlarında qızlar arasında iki yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. Yaponiyalı Jui Yabuta ikinci, Fransa təmsilçisi Kamilla İmbert üçüncü pillədə qərarlaşıblar.
Çempionatda 17-29 yaşlı velosipedçilərin yarışında ilk iki pillədə niderlandlı idmançılar - Suele Ruitenqa və Tamar Vedder yer alıblar. Üçüncü pillədə isə yeni zelandiyalı Toni Ceyms qərarlaşıb.
Qeyd edək ki, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.