DÜNYA
“Qlobal enerji-2012” mükafatının laureatları elan edilmişdir
Bakı, 21 aprel (AZƏRTAC). 2012-ci ildə “Qlobal enerji” beynəlxalq energetika mükafatının laureatları akademiklər Boris Katorqin, Valeri Kostyuk və Böyük Britaniyalı alim Con Allam Rodney olmuşdur. “Qlobal enerji” beynəlxalq mükafat komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov bildirmişdir ki, B. Katorqin bu mükafatı kriogen yanacaqdan və maye oksidləşdiricidən istifadə edən güclü raket mühərrikləri yaradılmasına görə, V. Kostyuk və C. Allam isə kriogen sistemlər sahəsində yeni texnologiyalar yaradılmasına görə almışlar.
B. Katorqin “Enerqomaş” elm-istehsalat birliyinin baş konstruktoru və baş direktorudur. Onun rəhbərliyi ilə yerinə yetirilmiş işlərin nəticələri RF raket-kosmos sahəsində geniş tətbiq edilir. Bundan əlavə, həmin nəticələrdən Amerikanın “Atlas” kosmik raketlərinin mühərriklərində istifadə olunur.
V.Kostyuk Kriogen və raket-kosmos texnikasında hidrodinamika və istilik mübadiləsi sahəsində mütəxəssisdir.
Böyük Britaniyalı alim Allamın elmi uğurları sırasında hidrogenin mayeləşdirilməsi, daşınması və saxlanması üçün yeni texnologiyalar yaradılması qeyd edilir.
Alimlərin təltif edilməsi mərasimi iyunun 21-də Peterburq beynəlxalq iqtisadi forumunda keçiriləcəkdir.
Bu il mükafatın məbləği 33 milyon rubla bərabərdir.
“Qlobal enerji” beynəlxalq mükafatı 2003-cü ildən bəri Rusiyada energetika sahəsində görkəmli elmi araşdırmalara və elmi-texniki tədqiqatlara görə verilir. Bu müddətdə həmin mükafatı Rusiyanın məşhur alimləri - Nobel mükafatı laureatı Jores Alfyorov, akademiklər Gennadi Mesyats, Oleq Favorski və Filipp Rutberq almışdır. Mükafatın laureatları arasında ABŞ, Almaniya, Yaponiya, Kanada, Böyük Britaniya və İslandiyadan olan alimlər vardır.
Mükafat Rusiyanın “Qazprom”, “Surqutnefteqaz” və “FSK YES” kimi aparıcı energetika şirkətlərinin dəstəyi ilə təsis edilmişdir.