İQTİSADİYYAT
Qloballaşma şəraitində rəqəmsallaşma prosesləri Azərbaycan üçün geniş imkanlar açır - Ekspert
Bakı, 17 iyun, AZƏRTAC
Qloballaşma şəraitində rəqəmsallaşma prosesləri Azərbaycan üçün geniş imkanlar açır. Azərbaycanda rəqəmsallaşmanın inkişaf etdirilməsi üçün son illər həm dövlət, həm də özəl sektor tərəfindən çox mühüm addımlar atılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Onun sözlərinə görə, rəqəmsallaşma bir neçə aspektdə iqtisadiyyata təsir göstərir: “Xidmətlərin keyfiyyəti yüksək olur, şəffaflıq və xidmətlərin təqdim edilməsinin sürəti artır. Bu aspektlər - keyfiyyət, sürət, şəffaflıq, xidmətin göstərilməsində tranzaksiya xərclərinin aşağı düşməsi, həmçinin müştərinin tələbatının daha yaxşı öyrənilib anında reaksiya vermə imkanları və müştəri məmnuniyyətinin idarə edilməsi ölkəmizdə iqtisadi inkişafa müsbət təsir göstərir”.
Xalid Kərimli bildirib ki, e-gov.az və myGov portalları vasitəsilə Elektron Hökumətin inkişaf etdirilməsi, vergi inzibatçılığının yaxşılaşdırılması kimi tədbirlər də görülür.
“Ümumiyyətlə ölkə bir çox xidmətləri rəqəmsal olaraq həyata keçirməyə başlayıb. Bunları yalnız hökumətdə deyil, özəl sektorda da gündəlik həyatımızda müşahidə edirik. Onlayn xidmətlər, elektron satış və ödənişlərdə, xüsusən də maliyyə texnologiyaları sahəsində çox ciddi inkişaf meyilləri var. Bu iqtisadiyyatın bütün istiqamətlərində görünür. Elektronlaşma sayəsində xidmət daha ucuz və əlçatan olur, vaxta qənaət edilir, müştəri məmnuniyyəti və rəqabət imkanları artır. Müştərilər üçün isə xidmət daha keyfiyyətli, ucuz və şəffaf təqdim olunur”, - deyə ekspert qeyd edib.