QREQ LAFLİN: MƏN HEYDƏR ƏLİYEVİN DAHİLİYİ VƏ LİDERLİYİ QARŞISINDA BAŞ ƏYİRƏM
Brifinqdə 10 il əvvəl atılan qətiyyətli siyasi addımın bəhrələrindən də danışılmışdır. Qeyd olunmuşdur ki, enerji sektorunu xarici sərmayələrə açmış “Əsrin müqaviləsi” sayəsində bu gün Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirə bilir. Layihə bölgədəki dövlətlər arasında əməkdaşlığı təmin etmiş, ABŞ-Azərbaycan əlaqələrini enerji məsələləri ilə başlayaraq, strateji tərəfdaşlıq səviyyəsinə çatdırmışdır. Bununla yanaşı vurğulanmışdır ki, Xəzər layihələrinin gəlirləri ilə təmin edilən iqtisadi artımın və sabitliyin uzunmüddətli olması üçün bölgədəki münaqişələrin həll edilməsi vacibdir.
Tarixi hadisəni yaxından izləyən Amerika rəsmilərindən biri sabiq konqresmen, Texas ştatının təmsilçisi Qreq Laflin idi. AZƏRTAC-a müsahibəsində o, 10 il bundan əvvəlki təəssüratları haqda demişdir: “Təsəvvür edə bilmirəm ki, o vaxt mövcud olan şəraitdə belə bir müqaviləni imzalamaq Heydər Əliyevdən nə qədər cəsarət istəmişdir. 10 il bundan əvvəl bölgədəki çətinliklər - Ermənistanın torpaq iddiaları, Xəzər dənizi statusunun qeyri-müəyyənliyi, saysız-hesabsız siyasi təzyiqlər haqda düşünəndə, mən Heydər Əliyevin dahiliyi və onun əvəzedilməz liderliyi qarşısında baş əyirəm”.