Quba-İspik-Xınalıq avtomobil yolunda selin yaratdığı fəsadlar aradan qaldırılıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, dərhal avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.