Quba Rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım maşını verilib
Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC
Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə gətirilən təcili tibbi yardım maşınlarından biri mayın 16-da Quba Rayon Mərkəzi Xəstəxanasına təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat zamanı çıxış edənlər Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəyliyi yüksək qiymətləndiriblər.
Bildirilib ki, Quba Rayon Mərkəzi Xəstəxanası xəstəliyin ilk yayıldığı günlərdən xüsusi rejimdə işləyir. Buradakı bütün tibbi heyət koronavirusa yoluxanların müalicəsində fədakarlıqla çalışır. Hazırda qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə dövlətlərin və insanların həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilir. Dünyada yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə də bu xəstəliklə mübarizə qarşılıqlı dəstək olduqda daha səmərəlidir.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən iş adamı, həmyerlimiz Qod Nisanovun təşəbbüsü ilə Azərbaycana 10 təcili tibbi yardım maşını göndərilib. Maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” - TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.