QUBADLI RAYONU ÜZRƏ 25 MƏNTƏQƏNİN HAMISINDA PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ BAŞA ÇATDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin uğurla başa çatdırılması üçün Qubadlı rayonunda bütün imkanlar səfərbərliyə alınmışdır. Bu, özünü ilk növbədə seçki məntəqələrində görülmüş texniki hazırlıq işlərinin keyfiyyətində göstərir. Rayonda 25 seçki məntəqəsi yaradılmışdır. Məntəqələrdən 2-si 120 saylı Cəbrayıl-Qubadlı, 23-isə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinə daxildir. Məntəqələrdə seçkilərə hazırlıq işləri başa çatdırılmışdır.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı məntəqəsi Sumqayıt şəhərindəki “Sumqayıt” mehmanxanasında yerləşir. Məntəqənin sədri Səməndər İbişov demişdir ki, prezident seçkilərinin müvafiq qanunvericilikdə nəzərdə tutulduğu kimi demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütövlükdə Qubadlı rayonu üzrə məntəqələrdə, o cümlədən də bizim məntəqədə var gücümüzlə çalışırıq. Məntəqə “Azərikimya” Dövlət Şirkəti tərəfindən tam təmir olunmuş, müasir tələblər səviyyəsində qurulmuşdur. Bu işlər qubadlılı seçicilər tərəfindən razılıqla qarşılanmışdır. Məntəqə seçki komissiyası üçün yaradılmış iş şəraiti normaldır. Hazırda seçici siyahılarının və ünvanlarının dəqiqləşdirilməsi işi aparılır. Seçicilərin məntəqəyə rahat gələrək səs vermələri üçün şərait yaratmaq əsas məqsədimizdir. Seçici siyahılarına daxil olan, amma bu və ya digər səbəblərdən məntəqədə səsvermək imkanı məhdud olan seçicilər haqqında məlumatlar toplayırıq. Bu sahədə Qubadlı Rayon İcra Hakimiyyətinin köməyindən, ərazi vahidləri üzrə nümayəndəliklər ilə birgə işin səviyyəsindən razıyıq.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsi də Sumqayıt şəhərindəki “Şəfa” sanatoriyasının binasında yerləşir. Məntəqədə seçkilərə hazırlıq işləri tam başa çatdırılmışdır. Burada da təmir işləri “Azərikimya” Dövlət Şirkəti tərəfindən aparılmışdır. Məntəqənin sədri Əvəz Muxtarov aparılan təmir işlərinin keyfiyyətindən razılığını bildirərək onu da qeyd etmişdir ki, şirkət həm də məntəqənin aid olduğu ərazidə məskunlaşan məcburi köçkünlərin digər problemlərinin həllinə də kömək göstərmişdir. Belə ki, sanatoriya binasının dəhlizlərində, dam örtüyündə cari təmir işləri görülmüş, həyətdə çörəkbişirmə yeri düzəldilmişdir. Məntəqədə yaradılmış şərait seçkilərin yüksək səviyyədə keçirilməsinə təminat verir. Burada təşkil olunmuş qərargah tərəfindən siyahıların dəqiqləşdirilməsi, seçki qanunvericiliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması, ilk dəfə səs verəcək seçicilərlə görüşlərin keçirilməsi, nəqliyyata ehtiyacı olan seçicilərin müəyyənləşdirilməsi sahəsində intensiv iş aparılır.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsi Sumqayıt şəhərində fəaliyyət göstərən Çaytumas kənd məktəb-liseyin binasında yerləşir. Məntəqə sədri Vahid Eminov seçkilərə texniki hazırlıq işlərindən bəhs edərkən “Azərikimya” Dövlət Şirkətinin işindən razılığını bildirdi. Şirkət tərəfindən, həmçinin bütövlükə məktəb binasının cari təmir olunduğunu qeyd edən məntəqə sədri, seçkilərə hazırlıqla bağlı məntəqədə yaradılmış qərargahın işindən danışdı. Bildirdi ki, seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində müntəzəm iş aparılır, məntəqədə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin, Mərkəzi Seçki Komissiyasının təlimatlarının, digər hüquqi normativ aktların öyrənilməsi, seçicilər arasında bu istiqamətdə maarifləndirmə işlərinin təşkili sahəsində tədbirlər həyata keçirilir. Bütün işlər Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmuş “15 oktyabr 2008-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda nəzərdə tutulduğu müddətdə və keyfiyyətlə icrasına nail olmaq üçün səylərimizi birləşdirmişik.
Rayon üzrə görülən işlər belə bir əminlik yaradır ki, prezident seçkilərinin tam demokratik şəkildə keçirilməsi, seçicilərin öz iradələrini sərbəst ifadə edə bilmələrinə əlverişli şərait yaradılması üçün qarşıda duran vəzifələr də layiqincə yerinə yetiriləcəkdir.