QUBADLI RAYONUNUN ƏSRARƏNGİZ TƏBİƏT GUŞƏLƏRİ ERMƏNİ İŞĞALÇILARI TƏRƏFİNDƏN DAĞIDILMIŞ VƏ MƏHV EDİLMİŞDİR
Bakı, 31 avqust (AZƏRTAC). Qubadlı rayonunun işğalından 17 il keçir. Sahəsi 80250 hektar olan rayon 1993-cü il avqustun 31-də erməni işğalçıları tərəfindən zəbt olunmuşdur.
Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. 150-1600 yaşı olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu.
Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr/gün olan yeraltı şirin su yataqları var idi.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir.