İDMAN
Qurban Qurbanov: “Hekken”lə oyunda ən yaxşısını etməyə çalışacağıq

Bakı, 4 oktyabr, AZƏRTAC
"Oyun hər iki komanda üçün olduqca vacibdir və biz bunun fərqindəyik. Əsas məqsədimiz bu görüşdən üç xal ilə ayrılmaqdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hekken" klubuna qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Əlli bir yaşlı mütəxəssis rəqibin özünəməxsus oyun üslubu olduğunu bildirib: "Onlara qarşı diqqətli olmaq lazımdır. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq. İnanıram ki, futbolçularımız bunu bacara biləcəklər".
Baş məşqçi "Qarabağ"ın böyük təcrübəyə malik komanda olduğunu vurğulayıb: "Hansı turnirdə iştirak etməyimizə baxmayaraq, çalışırıq ki, ən yaxşısı olaq. Neçə ildir, avrokubokların qrup mərhələsində oynayırıq. Daha çox inkişaf etmək istəyirik. Bəzən şanslarımız daha böyük olub, amma yaxşı istifadə edə bilməmişik. Bu, komandanın mənfi cəhətidir. Məqsədimiz minimum sabitliyi qoruyub saxlamaqdır".
Qurban Qurbanov təxribatçı sual verən isveçli jurnalisti susdurub: "Qarabağ haqqında demək olar ki, hamının məlumatı var. Azərbaycanlılar 30 ildən sonra öz doğma torpağına qayıdır. Komanda olaraq özümüzü artıq daha yaxşı hiss edirik. Çünki artıq fikrimiz Qarabağda qalmayıb. Bu ərazi həmişə Azərbaycanın olub".
O, oyun zamanı baş verə biləcək mümkün təxribatdan çəkinmədiklərini əlavə edib: "Biz daim futbolçularla bu barədə söhbət edirik. Klub olaraq həmişə özümüzü intizamlı aparmağa çalışmışıq. Bu, o demək deyil ki, biz kimdənsə qorxuruq və ya çəkinirik. İdman prinsiplərinə əməl etməyə və ölkəmizi layiqincə təmsil etməyə cəhd göstəririk. İstənilən təxribata öz reaksiyamızı veririk. Ancaq düşünürəm ki, bu, lazım deyil. Təxribat edənlərə fikir verməyə ehtiyac yoxdur".
Qeyd edək ki, oktyabrın 5-də "Ullevi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.