Qusar Dövlət Ləzgi Dram Teatrı xaçmazlı tamaşaçılara “Pəri cadu” əsərini təqdim edib
Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 16-da Qusar Dövlət Ləzgi Dram Teatrı xaçmazlı tamaşaçılara Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərini təqdim edib.
AZƏRTAC-in bölgə müxbiri xəbər verir ki, “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində təqdim olunan tamaşa Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzinin səhnəsində oynanılıb.
İyirmiyə yaxın aktyorun iştirakı ilə hazırlanan tamaşada əsas rolları Lalə Qurbanova (Pəri cadu) və Bağır Əhmədov (İblis) canlandırıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Şaik Qardaşovdur.
Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.
Tamaşanı izləməyə gələnlər maraqlı səhnə əsəri ilə yanaşı, Beynəlxalq Teatr Festivalını özündə əks etdirən, eləcə də multikulturalizmi təbliğ edən folklor nümunələrini, xalq yaradıcılığını, sənətkarlıq nümunələrindən ibarət sərgini izləmək imkanı da qazanıblar.
Mayın 19-dək davam edəcək festivalda ölkə teatrları ilə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edirlər.
Festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək. Bölgə tamaşaçıları respublikanın aparıcı teatr kollektivlərinin hazırladığı bir-birindən maraqlı səhnə əsərlərini izləmək imkanı qazanacaqlar.