Qusarda general Mahmud Əbilova həsr olunan kitab oxuculara təqdim edilib VİDEO
Qusar, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 14-də Qusarda Azərbaycanın görkəmli hərbi xadimi, Böyük Vətən müharibəsi illərində diviziya komandiri və general-mayor rütbəsinədək yüksəlmiş Mahmud Əbilova həsr olunan kitab oxuculara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusardakı Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda müəllifi Hacıbala Yarqunvi olan nəşr haqqında oxuculara ətraflı məlumat verilib. Bildirilib ki, “General Mahmud Əbilov” adlı kitabda dünya şöhrətli generalın çətin, amma şərəfli həyat yolu işıqlandırılıb. Kitaba daxil edilən sənəd və şəkillərdə sərkərdənin şanlı mübarizə yolu, müharibələrdə qazandığı böyük zəfərlər əks olunub.
Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacıbala Yarqunvi oxucuların diqqətinə çatdırıb ki, nəşrdə Qusarın Uqur kəndində anadan olan Mahmud Əbdülrza oğlu Əbilovun uşaqlıq illəri, hərb həyatı, İkinci Dünya müharibəsində göstərdiyi şücaətlər və ölkəmizin hərb tarixindəki rolu təsvir edilib. Nəşr general Mahmud Əbilovun 120 illik yubileyi münasibətilə çap olunub.
Bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışan Mahmud Əbilov Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komandiri vəzifəsinə təyin edilib. O, müxtəlif qoşun birləşmələrinə komandanlıq edərək Volxov, Şimal Qərb, II və III Belarus cəbhələrinin tərkibində faşist işğalçılarının darmadağın olunmasında fəal iştirak edib. General mayor Mahmud Əbilov döyüş xidmətlərinə görə 5 “Qırmızı bayraq”, I dərəcəli “Vətən müharibəsi”, II dərəcəli “Kutuzov”, “Suvorov”, “Boqdan Xmelnitski”, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Təqdimatda iştirak edən oxuculara müəllif tərəfindən kitablar hədiyyə olunub.
Tədbirin sonunda müəllifi AZƏRTAC-ın Quba-Xaçmaz bölgəsi üzrə müxbiri Elxan Yusifli, rejissoru isə Dəyanət Rzayevin olduğu “Kiçik kəndin böyük generalı” adlı sənədli filmi nümayiş etdirilib. General Mahmud Əbilovun hərb yolunu əks etdirən sənədlər və məlumatlar əsasında hazırlanan filmdə qəhrəmanın həyatındakı bəzi anlar tamaşaçılara səhnələşdirilərək bədii formada təqdim olunur.