Qusarda Zəfər tariximizi yazan qəhrəmanlar xatirələrini gənclər ilə bölüşüb
Qusar, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
Zəfər Günü ərəfəsində Qusar rayon Heydər Əliyev Mərkəzi və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş müharibə iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Zəfər tariximizi yazan qəhrəmanlar" şüarı ilə keçirilən görüşdə Birinci Qarabağ və Vətən müharibəsinin qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Mərkəzin direktoru Neva Abdurahmanova çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb.
Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Qusar RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Tural Hüseynov rayonda qazi və şəhid ailələri ilə aparılan işdən, onlara dövlət qayğısından danışıb.
Birinci Qarabağ müharibəsinin iştirakçısı Canəli Hörmətov, Vətən müharibəsinin qazisi Volodya Maverdiyev müharibə sözünün insanlığın həyatında ən kədərli ifadə olmasına baxmayaraq, Vətən uğrunda aparılan savaşın müqəddəs bir borc olduğunu bildiriblər.
Gənclərə hərbçilərimizin döyüş yolu haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda 8 Noyabr - Zəfər Gününə həsr edilən videoçarx nümayiş olunub.
Tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə tanış olaraq, xatirələrini gənclər ilə bölüşüb, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar rayon nümayəndəliyinin hazırladığı Qarabağa aid viktorinada iştirak ediblər.