QUŞÇULUQ MƏHSULLARININ YARMARKASI SÜNİ BAHALAŞMANIN QARŞISINI ALIR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da Bakı şəhərində quşçuluq məhsullarının növbəti yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Quşçular Cəmiyyəti ilə birgə təşkil etdiyi yarmarkaların məqsədi bazarlarda qiymətlərin süni şəkildə bahalaşmasının qarşısını almaqdır. Bakı şəhərinin “Təzə bazar”, 3-cü mikrorayon və Sabunçu bazarlarında təşkil olunmuş yarmarkalarda əhaliyə toyuq əti və yumurta təklif olunurdu.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şəhər əhalisi yumurta və toyuq əti məhsullarını həvəslə alırdılar. Giləzi quşçuluq şirkətinin işçisi Vahid Mirzəyev bildirdi ki, bu gün şəhərin 3 yarmarkasına 110 min ədəd yumurta çıxarılmışdır. Giləzililər alıcılara yumurtanın bir ədədini 7 qəpiyə təklif edirlər.
Hacıqabul quşçuluq fabrikindən Elçin Quliyev dedi ki, hər həftənin beşinci, altıncı və bazar günləri yarmarkaya məhsul gətiririk. Bu gün satışa 36 min ədəd yumurta çıxarmışıq. Yumurtanın həcminə və keyfiyyətinə görə bir ədədini 10 qəpiyə, qəfəsini 3 manata satırıq.
Goradil fabrikinin işçisi Rəfail Əliyev gətirdiyi 5 min ədəd yumurtanın birini 10 qəpiyə, Hovsan quşçuluq fabrikindən Məmməd Mustafayev toyuq ətinin kiloqramını 2 man 60 qəpiyə, Pirsaatçay quşçuluq müəssisəsindən Zaur Məmmədov yumurtanın bir ədədini 10 qəpiyə satırdılar.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin dediyinə görə, “Təzə bazar”da yarmarka hər gün, digər bazarlarda isə həftənin üç günü fəaliyyət göstərir. Bu gün 3 yarmarkada satışa 500 min ədəd yumurta, 25 tona yaxın toyuq əti çıxarılmışdır.