RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ GƏNCƏDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Nazir Əli Abbasov Azərbaycan rabitəsinin inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən və perspektiv planlardan danışmışdır.
Nazirlik aparatının rəhbəri Vidadi Zeynalovun, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun, Teleradio İstehsalat Birliyinin rəisi İlham Əsədovun və Azərpoçt İstehsalat Birliyinin rəisi Ənvər Bəybalayevin cari ilin ötən beş ayında qazanılan uğurlardan və işdə yol verilən nöqsanlardan bəhs edən məruzələri dinlənilmişdir. Sonra Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əli Hüseynov çıxış edərək, şəhərin rabitə sistemində aparılan yenidənqurma işlərindən danışmış, problemlərin həlli istiqamətində görülən işləri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Ayrı-ayrı rayonların rabitə və poçt xidmətləri idarələri rəhbərlərinin hesabatları dinlənildikdən sonra Azərbaycan rabitəsinin inkişafındakı xidmətlərinə görə nazir Əli Abbasova Azərbaycan Ziyalılar Cəmiyyətinin “Fəxri ziyalı” diplomu təqdim edilmişdir.
Birbaşa İnternet vasitəsilə canlı yayımlanan zona müşavirəsinə yekun vuran nazir Əli Abbasov respublikanın rabitə sistemini ətraflı təhlil etmiş, rayon və şəhərlərin telekommunikasiya və poçt xidmətləri idarələri rəhbərlərinin öz işlərini müasir tələblər səviyyəsində qurmaları ücün tövsiyələr vermişdir.
Müşavirə iştirakçıları axırda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə 15 iyun Qurtuluş günü münasibətilə müraciət qəbul etmişlər.
Müşavirədən sonra nazir Əli Abbasov Gəncədə məskunlaşan və rabitə sistemində çalışan bir qrup Kəlbəcər qaçqınına hədiyyələr təqdim etmişdir.