ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun əməkdaşları Kəlbəcərdə ekspedisiyada olublar
![Radiasiya Problemləri İnstitutunun əməkdaşları Kəlbəcərdə ekspedisiyada olublar](/files/2022/2/1200x630/16595269816075617496_1200x630.jpg)
Bakı, 3 avqust, AZƏRTAC
Radiasiya Problemləri İnstitutu işğaldan azad olunmuş ərazilərdə aparılan radioekoloji tədqiqatların davamı olaraq Kəlbəcər rayonunun İstisu ərazisində su ehtiyatlarının keyfiyyət xarakteristikalarını tədqiq etmək üçün ekspedisiya təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinatorluğu ilə həyata keçirilən ekspedisiyaya institutun laboratoriya müdiri kimya elmləri doktoru Xəqani Məmmədov rəhbərlik edib. Ekspedisiyanın əsas məqsədi sularda radioaktiv radon qazının qatılığının təyin edilməsi olub. Tədqiqatlarda Radiasiya Problemləri İnstitutunun “RAD7”, “Radiogem”, “İnspector-1000” və xüsusi “İzotop” kombinatının “Alfaguard” cihazlarından istifadə edilib. Alınan nəticələr Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Ətraf Mühit Agentliyinin standartları ilə müqayisə olunub. Beş su mənbəyində aparılan tədqiqatlar göstərir ki, radon-radioaktiv izotopunun qatılığı yol verilən həddi keçmir.