REGİONLAR
Rafik Danakari: Qüdrətli Ordumuz və Ali Baş Komandanımız sayəsində dədə-baba torpaqlarımızdakı abidələrimizi rahatlıqla ziyarət edə bilirik
Kəlbəcər, 23 may, AZƏRTAC
Alban-Udi xristian dini icmasının təşəbbüsü Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan rus pravoslav, katolik, protestant kilsələrinin rəhbərləri və üzvləri, həmçinin yəhudi icmasının bir qrup nümayəndəsindən ibarət 50 nəfərə yaxın böyük heyət bu gün Xudavəng monastırını ziyarət edəcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari deyib.
"Məqsədimiz Azərbaycan ərazisində yaşayan qeyri-müsəlman dini icma nümayəndələrinə işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Kəlbəcərdə tarixi dədə-baba torpaqlarımızdakı abidələrimizlə tanış etməkdir. Ona görə də bu gün böyük bir heyətlə Xudavəngi ziyarət edəcək, şamlar yandıracaq və dualar oxuyacağıq”, - deyə R.Danakari bildirib.
İcma sədrinin müavini işğaldan azad olunmuş ərazilərə hər dəfə gələrkən rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə etdiklərini söyləyərək deyib: "Yaşasın Qüdrətli Ordumuz və Ali Baş Komandanımız! Biz onların sayəsində əzəli dədə-baba torpaqlarımızdakı abidələrimizi istədiyimiz vaxt rahatlıqla ziyarət edə bilirik".