RAGB Azərbaycan Respublikası Gününə həsr edilmiş minifutbol turniri keçirib
Moskva, 31 may, AZƏRTAC
Mayın 30-da Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) IV Universiadası çərçivəsində Azərbaycan Respublikası Gününə həsr edilmiş minifutbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir Mərkəzi Ordu İdman Klubu peşəkar futbol klubunun Uşaq-Gənclər İdman Klubunun futbol meydanında təşkil edilib.
RAGB-nin məsul katibi Ceyhun Hüseynov komandaları salamlayıb. O, giriş sözündə həmin yarışın tarixi və əhəmiyyəti barədə məlumat verib.
Sonra Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov turnir iştirakçılarını salamlayıb.
Daha sonra çıxış edən yarışların hakimi Vladimir Novikov turnirin qaydaları barədə ətraflı məlumat verib.
Gərgin mübarizədən sonra birinci yeri Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandası, ikinci yeri N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Universitetinin komandası, üçüncü yeri isə Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandası tutub.
Çempionatın qalibləri və mükafatçıları təntənəli mərasimdə təltif ediliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva