Raşidə Dati: Biz öz keçmiş səhvlərimizə nəzər salsaydıq nə olardı?
Bakı, 26 iyun, AZƏRTAC
Paris şəhərinin 7-ci rayonunun meri, Respublikaçılar Partiyasının üzvü Raşidə Datinin Fransanın www.lopinion.fr saytında “Bəs, öz keçmiş səhvlərimizə nəzər salsaydıq nə olardı?” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC-ın təqdim etdiyi məqalədə deyilir:
“Bakı birinci Avropa Oyunlarına ev sahibliyi edir. Avropa Olimpiya Komitəsi tərəfindən ilk dəfə təşkil olunan bu Oyunlarla Amerika və Asiya qitələri kimi Avropa da özünün qitə oyunlarını təsis edir. İdmanın bəxş etdiyi bu bayram universal dəyərlər bayramıdır: tolerantlıq, hörmət və ədalətli oyunlardır.
Azərbaycanda keçirilən bu Oyunların gündəlik nəticələri geniş şəkildə şərh edilir. Bu kiçik Qafqaz ölkəsinin uğurlarını Avropada gözügötürməyənlər çoxdur. Onlar yalnız insan hüquqlarının pozulmasından danışırlar. Təbii ki, Azərbaycanda hər şey əla deyil. Bəs, başqa ölkələrdə əladırmı? Qafqazın mirvarisi adlandırılan bu ölkədə hələ çox iş görülməlidir.
Ancaq bu, Avropada məsuliyyətimizdən uzaqlaşmaq üçün səbəb ola bilməz. Biz daim Avropa İttifaqı, onun üzv ölkələri, xüsusilə də Fransa ilə münasibətlərini dərinləşdirməyə çalışan bir ölkənin uzanan əlindən imtina etməməliyik. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, eləcə də Fransa Azərbaycan ilə dialoq aparır. Prezident Hollandın Bakıya son səfəri bunu bir daha təsdiqləyir.
Bu dialoqlar bəsit siyasət səviyyəsinə endirilə bilməz. Azərbaycandakı inkişafı, göstərilən səyləri dəstəkləmək, dünyanın son dərəcə kövrək hissəsində tarazlığı saxlamaq üçün hər bir məsələyə obyektiv yanaşmaq lazımdır.
Çox həssas regionda yerləşən Azərbaycan sabitlik nümunəsidir. Uzun illərdir Dağlıq Qarabağa görə Bakı Yerevanla münaqişədədir. Ancaq Azərbaycanı gəzdikcə, ölkədə hökm sürən sabitlik adamı heyrətləndirir.
Bu sabitliyin səbəblərindən biri də tolerant İslam praktikasıdır. Azərbaycan əhalisinin 94 faizi müsəlmandır. Azərbaycan xalqı öz İslam irsi ilə fəxr edir, Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da radikal İslam təhlükəsi yoxdur. 1918-ci ildən seçib-seçilmək hüququ olan və Bakının küçələrində başını dik tutub gəzən qadınların cəmiyyətdəki yeri xüsusilə diqqəti cəlb edir. Tam azad formada, heç bir təzyiq, məcburiyyət olmadan İslama riayət edilir.
Öz tarixi, Avropa və Şərq arasında yerləşən coğrafiyası ilə fəxr edən Azərbaycan mədəniyyətlər arasında körpü olmağa çalışır. Bu ölkə mədəniyyətlərarası dialoqun aparıcısı olmaq istəyən ölkədir. Bu ölkə UNESCO, Avropa Şurası, ISESCO kimi üzv olduğu beynəlxalq təsisatlarla sıx əməkdaşlıq istiqamətində çalışır. Bu gün birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə baxmayaraq, Avropa Azərbaycan xalqı haqqında tamamilə başqa imic yaradır, bu ölkəyə gediş-gəlişin olmadığın bildirir. Bunun doğurduğu məyusluq və acıdan danışmaq istəmirik.
Avropa olaraq öz məsuliyyətimizi dərk etməliyik. Sözlər və hərəkətlər adekvat olmayanda dərhal Azərbaycan rəhbərlərindən danışmağa başlayırıq. Özü də bu ölkəyə ayaq basmadan, uzaqdan-uzağa fikirlər yürütməkdən, əsassız faktlardan danışmaqdansa, gedib oradakı inkişafı, reallığı görmək daha yaxşı olar. Azərbaycan irəlilədikcə, gəlin, onun bu müvəffəqiyyətini təşviq edək. Yeni tarix bizə göstərir ki, hər hansı bir ölkəni inkar edərək, onu yalqız buraxaraq və ya ona laqeyd münasibət bəsləyərək, biz onun radikallaşmasında günahkarıq. Biz öz keçmiş səhvlərimizə nəzər salsaydıq nə olardı?”
Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: