RAYON AĞSAQQALI VAQİF QURBANOVUN ÇIXIŞI
Çox hörmətli Mehriban xanım!
Sizi bütün sabirabadlılar adından salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.
Cənab Prezident, Sizin bu gün Sabirabada gəlməyiniz bizim üçün çox əlamətdardır. Çünki Sizin gəlişiniz bizə hər dəfə sevinc, xoşbəxtlik bəxş edən, toy-bayrama çevrilən ulu öndərimiz Heydər Əliyevin gəlişlərini xatırladır.
Ümummilli liderimiz bu rayonda - Sabirabad torpağında 14 dəfə olmuşdur. Məhz onun qayğısı nəticəsində, onun köməyi ilə Sabirabad rayonu geridə qalmış aqrar bir rayondan inkişaf etmiş aqrar-sənaye mərkəzinə çevrilmişdir.
Cənab Prezident, bütün sabirabadlılar diqqətlə izləyir və bilirlər ki, Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramı respublikada uğurla həyata keçirilir. Bu baxımdan Sabirabad da çox uğurla inkişaf edir. Böyük quruculuq işləri gedir, yeni müəssisələr yaradılır, sahibkarlıq dəstəklənir, emal müəssisələri, komplekslər işə salınır. Sabirabadın emal müəssisələrində istehsal edilən məhsullar xarici ölkələrə də ixrac olunur.
Prezidentlik fəaliyyətinizin ildönümündə Sabirabadda təməli qoyulmuş alaqapı kompleksi, “Muğan” prospekti şəhərimizə yaraşıq verəcəkdir. Burada inşa olunmuş, tibbi diaqnostika mərkəzi ən müasir avadanlıqla təmin edilmişdir. Siz prezident seçkiləri ərəfəsində sabirabadlılar üçün Olimpiya İdman Kompleksinin tikilməsi ilə bağlı verdiyiniz sözü bu gün həyata keçirdiniz. Cənab Prezident, bütün bunlara görə sabirabadlılar adından təşəkkür edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar diləyirik.
Cənab Prezident, əmin ola bilərsiniz ki, sabirabadlılar həmişə Sizinlədir, Sizin həm xarici, həm daxili siyasətinizi dəstəkləyirlər, təsdiqlədiyiniz proqramların yerinə yetirilməsində həmişə öndə gedəcəklər.
X X X
Dövlətimizin başçısı görüşdə nitq söylədi.