REGİONLAR
Rayon mərkəzində və kəndlərdə dezinfeksiya işləri davam etdirilir
Ucar, 11 may, AZƏRTAC
Ucar rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tətbiq olunan qrafik əsasında şəhərdə və kənd yaşayış məntəqələrində növbəti dezinfeksiya işləri aparılıb. Belə ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən son sutka ərzində Ucarın 29-cu məhəlləsindəki 16 mənzilli ictimai yaşayış binasının girişləri, pilləkənləri və həyəti, rayon icra hakimiyyətinin inzibati binası və həyəti, Ucar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təcili və təxirəsalınmaz stansiyasının binası və 2 avtomaşını, habelə rayonun kənd yaşayış məntəqələrində 34 qeyri-yaşayış binası, 66 ticarət və xidmət obyekti dezinfeksiya olunub.
Rayonda pandemiyaya qarşı mübarizə tədbirləri təhlükə qurtaranadək davam edəcək.
Qeyd edək ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan sosial izolyasiya şəraitində tənha ahıl insanlara və aztəminatlı ailələrə yardımlar davam edir. Təkcə ötən gün 59 bu cür şəxslərə və ailələrə ərzaq yardımı olunub.